Azərbaycanda günəş enerji layihələri üzrə maliyyə müqavilələri imzalandı


COP29 çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.
Yeniavaz.com
Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon dollar təşkil edəcəyi gözlənilir.
2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1,7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.
“760 MVt gücündə günəş elektrik stansiyalarının maliyyələşdirilməsi üzrə yekun razılaşma, Azərbaycanın bərpaolunan enerji sektorundakı hədəflərinə çatmaq yolunda əlamətdar bir nailiyyətdir. Bu razılaşma, Azərbaycanın “Masdar” şirkəti ilə uğurlu tərəfdaşlığını və investorlar, beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir. Günəş elektrik stansiyaları ölkəmizin enerji keçidini sürətləndirmək, karbon emissiyalarını azaltmaq və “yaşıl enerji” ölkəsi olmaq məqsədinə mühüm töhfə verəcək”, - deyə energetika naziri qeyd edib.
“Masdar” şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl-Rəmahi isə bildirib: “Azərbaycanda bu iki böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilələr imzalamaqdan çox məmnunuq. Bu, Qaradağdakı ölkənin ən böyük günəş elektrik stansiyasının tamamlanmasından sonra mühüm bir addımdır. Azərbaycan bazarı bizim üçün strateji əhəmiyyət daşıyır və ölkənin ambisiyalı təmiz enerji hədəflərinə çatmasını dəstəkləməyə sadiqik”.

DİGƏR XƏBƏRLƏR

Top