Almaniya kansleri Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniyanın “Sueddeutsche Zeitung” nəşri məlumat yayıb.
“Reuters”in məlumatına görə, söhbət bir saata yaxın davam edib.
Putinlə Şolts arasındakı söhbət Almaniya hökuməti tərəfindən təsdiqlənib. Məlumata görə, Almaniya kansleri Putini Rusiyanın Ukraynadakı müharibəni dayandırmağa və rus qoşunlarını onun ərazisindən çıxarmağa çağırıb.
O, həmçinin Rusiyanı ədalətli və davamlı sülh məqsədi ilə Ukrayna ilə danışıqlara hazır olmağa çağırıb. Qeyd edilib ki, Almaniya lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək.
Qeyd edilib ki, Almaniya kansleri Putinlə danışıqdan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskiyə telefonla zəng edib və danışıqdan sonra da zəng etməyi planlaşdırır.
Kreml hələ ki, Putinlə Şoltsun söhbətini şərh etməyib.
***17:49
“Almaniya kansleri Olaf Şolts noyabrın 15-də Rusiya Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Bundan əvvəl Şolts telefon danışığı aparmaq niyyətində olduğunu təsdiqləyib.
Qeyd edək ki, oktyabrın 1-də “Die Zeit” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb ki, Şolts noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 sammiti öncəsi Putinlə əlaqə saxlamağı planlaşdırır.
Söhbət baş tutsa, Almaniya hökumətinin başçısı aparıcı Qərb ölkələrinin liderləri arasında bir il yarımdan sonra yenidən Putinlə birbaşa əlaqə saxlayan ilk şəxs olacaq.
Xatırladaq ki, Putinlə Şolts arasında sonuncu dəfə 2022-ci ilin dekabrında telefon danışığı olub. Rusiya Federasiyası və Almaniya liderlərinin sonuncu üz-üzə görüşü 2022-ci il fevralın 15-də Kremldə baş tutub.