Fatih Terim Bakıya gəlir


Tanınmış türkiyəli mütəxəssis Fatih Terim “Qarabağ”ın dəvəti ilə Bakıya gəlir.
Yeniavaz.com
xəbər verir ki, Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.
Türkiyə millisi və “Qalatasaray”dakı uğurları ilə tanınan, “Milan” və “Fiorentina” kimi klubları çalışdırmış Terim COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansı dəstəkləmək məqsədilə ölkəmizə səfər edəcək.
Mütəxəssisin alyansın yaradılması tədbirində çıxış edəcəyi gözlənilir. Terimin Bakı səfərini proqramı və KİV nümayəndələri ilə görüşü barədə əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top