2005-ci ildə karyerasını başa vurmuş Mayk Taysonun boksçu olmağa qərar vermiş keçmiş videobloger Ceyk Polla qarşılaşacağı tarix məlum olub.
Yeniavaz.com xəbər verir ki, kritik qarşılaşma 16 noyabr şənbə günü Bakı vaxtı ilə saat 05.00-də başlayacaq və “Netflix”də yayımlanacaq.
Görüş hər biri iki dəqiqə olmaqla səkkiz raunddan ibarət olacaq.
Boks dünyasının səbirsizliklə gözlədiyi qarşılaşmada iki idmançı 80 milyon dolları bölüşəcək.
ABŞ Milli Futbol Liqası komandalarından biri olan “Dallas Kovboys”un 80 min tutumlu AT&T stadionunda keçiriləck boks matçının rinq ətrafındakı biletləri 10 minlə 50 min dollar aralığında satılır.
Digər tərəfdən, boks tarixinin ən bahalı bileti də bu görüş üçün satışa çıxarılıb.
Belə ki, rinqdən 1,8 metr məsafədə yerləşən iki oturacağın hər birinə iki milyon dollar qiymət qoyulub. Həmçinin, bu VIP biletlərin sahibləri iki boksçu ilə görüşmək imkanı əldə edəcəklər. Bundan başqa, bilet alıcılarına açıq bufet, hər şey daxil yemək və matçdan sonra rinqdə şəkil çəkdirmək imkanı təklif olunur.
Qeyd edək ki, Tayson boks karyerasında son görüşünü 11 iyun 2005-ci ildə keçirib və bu görüşlə də karyerasını bitirib.
58 yaşlı əfsanəvi boksçu karyerasında keçirdiyi 56 görüşdən 50-də qalib gəlib. Üstəlik, o, bu görüşlərin 44-də rəqiblərini nokaut edib.
Boks karyerasına başlamasından bir il keçən Ceyk Pol isə keçirdiyi 11 görüşün 10-da rəqiblərini məğlub edib.