Prezident İlham Əliyev İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina Ənsari ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina Ənsari İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
Məsud Pezeşkianın Prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan dövlət başçısı vurğulayıb ki, Məsud Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.
İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari əlaqələrimizin tarixi xarakter daşıdığını vurğulayıb.
Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlığımız qeyd olunub, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulanıb.
Şimal-Cənub nəqliyyat dəhlizinə toxunulub, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edilib.
Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunulub, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.
***17:59
Prezident İlham Əliyev İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.