Noyabrın 11-dən kriptovalyuta bazarında əsas kriptovalyuta olan bitkoinin qiymətində sürətli artım müşahidə olunub.
Yeniavaz.com “Binance” platformasına istinadla xəbər verir ki, bitkoin gün ərzində bir neçə dəfə tarixi maksimumunu yeniləyib.
Belə ki, bitkoinin qiyməti 89 min 500 dollara qədər çatıb. Bununla da son bir ildə bitkoinin artımı 110%-i keçib.
Qeyd edək ki, Bitkoinin qiyməti ABŞ-də keçirilən prezident seçkilərindən sonra artımını sürətləndirib. 5 noyabrda kriptovalyutanın dəyəri 14 mart 2024-cü ildə müəyyən edilmiş tarixi maksimumu yeniləyərək, 73,778 min dolları keçib.
“Binance” kriptovalyuta birjasının baş direktoru Riçard Ten Britaniyanın “Financial Times” qəzetinə verdiyi şərhdə Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi ilə kriptovalyutalar üçün “qızıl dövrün” başladığını bildirib.
Xatırladaq ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü müəllif (ehtimal ki, müəlliflər qrupu) tərəfindən yaradılıb. Bitkoinin populyarlığı son illərdə zirvəyə çatıb. Bitkoin tədarükü təbii olaraq məhduddur, əksər bitkoinlər artıq əldə edilib.