Bu ilin ilk 9 ayında insanlar Azərbaycandakı otel və otel tipli obyektlərdə 3 milyon 268 min 967 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25% və ya 658 min 66 gecə çox olub.
Məlumatda bildirilir ki, otellərdəki gecələmələrin 45%-i və ya 1,5 milyon gecə Azərbaycan vətəndaşlarının, 55%-i və ya 1,8 milyon gecə isə əcnəbilərin payına düşüb.
Rəsmi məlumatda qeyd edilir ki, bu ilin ilk 9 ayında işğaldan azad olunan şəhər və rayonlardan yalnız Şuşadakı otellərdə gecələmə olub. Belə ki, Şuşa rayonundakı otellərdə insanlar ümumilkdə 19 min 595 gecə keçiriblər. Gecələmələrin 17 min 667-si Azərbaycan vətəndaşlarının, 1 928-i isə əcnəbilərin payına düşüb. Müqaysə üçün bildirək ki, ötən ilin eyni dövründə Şuşadakı otellərdə Azərbaycan vətəndaşları daha az (10 303), əcnəbilər isə daha çox (2 min 280) gecə keçiriblər.
Açıqlanan rəsmi statistika ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, bu il ərzində Xankəndi şəhərində bir neçə otelin istifadəyə verilməsinə baxmayaraq həmin otellərdə gecələmələrin olmadığı bildirilir.
Bu ilin iyulun 5-də Xankəndi şəhərində “Qarabağ” və “Palace” otellərinin açılışı olub. Hətta, sosial şəbəkələrdə və mətbuata yer alan məlumatlardan belə görünür ki, açılışdan sonra insanlar bu otellərdə gecələyiblər. Məsələn, bu ilin 21 iyul tarixində aralarında Mətbuat Şurasının sədri Rəşad Məcidin də olduğu bir qrup tanınmış media nümayəndəsi Xankəndi “Palace” otelində gecələdiklərinə dair məlumat paylaşıblar. Lakin, qeyd etdiyimiz kimi, Dövlət Statistika Komitəsinin məlumatında Xankəndi şəhərindəki otellərdə gecələmələrin olmadığı bildirilib.
Elnur Əli