Moldova Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunun nəticələrini və hazırkı Prezident Maya Sandunun qələbəsini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, MSK sədri Anjelika Karaman yekdilliklə qəbul edilən qərar layihəsini təqdim edib.
“İkinci turda ən çox səs (930 139) toplayan “Hərəkət və Həmrəylik” Partiyası tərəfindən irəli sürülən namizəd Maya Sandu seçilmiş elan edilir”, - bəyanatda deyilir.
Qeyd olunur ki, qərar bu gündən qüvvəyə minir və təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilir. Üç gün ərzində Kişinyov Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
MSK-nın məlumatına görə, ikinci turda Sandu müxalifətin namizədi Aleksandr Stoyanoqlonu qabaqlayaraq 55,33% səs toplayıb.
Stoyanoqlonun namizədliyini irəli sürən Moldova Respublikasının müxalif “Sosialistlər” Partiyası Sandunu qeyri-legitim prezident adlandırıb və onun yalnız xaricdən gələn sponsorlar və kuratorlar tərəfindən tanındığını deyib.
Xatırladaq ki, Moldovada 20 oktyabr seçkilərin birinci, 3 noyabr isə ikinci turu keçirilib.