Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub.
Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.
Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlar ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.
Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Bütün bunlara baxmayaraq, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib, düşmən üzərində tarixi zəfər çalıb.
Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Zəfər Günü ilə əlaqədar noyabrın 8-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
8 noyabr ölkədə qeyri-iş günüdür.