Dünyanın nəhəng neft şirkətlərindən biri olan BP-nin Türkiyədəki yanacaqdoldurma məntəqələrinin “Petrol Ofisi” şirkətinə təhvil verilməsi prosesi başa çatıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Petrol Ofisi”dən açıqlama verilib.
Bildirilib ki, bu prosesdə “BP Turkey Refining Limited” və “BP Petrolleri AŞ” şirkətlərindəki səhmlərə əlavə olaraq, ATAŞ, Çekisan və Ambarlı birgə müəssisə terminallarının səhmləri də “Petrol Ofisi”nə verilib.
Məlumat üçün bildirək ki, Niderlandın “Vitol” şirkətinə məxsus olan “Petrol Ofisi” ilə BP arasında sövdələşmə ötən il baş tutub. Bu sövdələşməyə əsasən BP Türkiyədəki aktivlərinin böyük bir hissəsini “Petrol Ofisi”nə satıb.
Qeyd edilir ki, “Petrol Ofisi” BP-dən 779 yanancaqdoldurma məntəqəsi satın alıb.
Onu da bildirək ki, BP Türkiyə bazarına ilk dəfə 112 il əvvəl – 1912-ci ildə daxil olub.
Elnur Əli