Amerika hakimiyyəti seçki rəsmilərinə qarşı təhdidlərin artması və mümkün iğtişaşlar səbəbindən ölkədəki bəzi seçki məntəqələrində təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
Nəşr təhlükəsizliyin pilotsuz uçuş aparatları, həyəcan siqnalı düymələrinin quraşdırılması və snayperlərin yerləşdirilməsi ilə təmin ediləcəyini vurğulayıb. Hüquq-mühafizə orqanları həmçinin çevik qüvvələrini hazırlıq vəziyyətinə gətirəcək və küçələrdə əlavə polis patrulları fəaliyyət göstərəcək.
Ən azı iki ştatda - Vaşinqton və Nevada ştatlarında iğtişaşlar baş verəcəyi təqdirdə Milli Qvardiya müdaxilə edəcək.
WP qeyd edir ki, Arizona ştatının Feniks şəhərindəki səslərin hesablanması mərkəzi qala kimi qorunur. Nəşr vurğulayır ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mümkün zorakılıqla bağlı artan narahatlığı əks etdirir.
ABŞ-də 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Keçmiş prezident Donald Tramp və indiki vitse-prezident Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar.