Öyrəndiyiniz hər bir şey bir qədər sonra, necə deyərlər, unudulmağa məhkumdur. Ancaq bir məsələ də var ki, insan öyrəndiyi bir şeyi birdəfəlik unutmur və bu onun yaddaşında özünə müəyyən bir yer tutur. Ona görə də, bu prosesi gecikdirmək və ya minimuma endirmək üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:
- Özünüzə bir hədəf müəyyən edin (Unutmayın, müəyyən etdiyiniz bu hədəf real olmalıdır).
- Planlı iş görməyi vərdişə çevirin (Gəlişigözəl bir həyat sizi ancaq uğursuzluğa apara bilər).
- İş planınız olduğu kimi, istirahət planınız da olsun (İstirahət planı içərisində yuxu planına xüsusilə diqqət yetirin).
- Öyrəndiyiniz hər şey üçün bir təkrar planı tərtib edin (Unutmayın ki, hər bir təkrar unutmaq ehtimalını minımuma endirmək deməkdir).
- Yatmazdan əvvəl öyrəndiyimiz və yatdıqdan sonra təkrar etdiyimiz mövzular ən yaxşı öyrəndiyimiz mövzulardır. Əlbəttə ki, mövzunu öyrənmək, sonra da birbaşa yatmağa getmək şərti ilə (Bir də unutmayın ki, təkrar etmək unutmaq ehtimalını azaltdığı kimi, yatmaq da unutmaq ehtimalını azaldır).
- Bir mövzunu öyrəndidkən sonra o mövzu ilə bağlı çoxlu misallar və ya məsələlər həll edin (Bu, hər şeydən əvvəl bu mövzunu yaddaşınızda möhkəmləndirmək üçündür).
- İstər yazdığınız dəftərdə, istərsə də, oxuduğunuz kitabda qeyd aparmağı unutmayın (Çünki unutmaq ehtimalını azaldan üsullardan biri də qeyd aparmaqdır).
- İstər bir mövzunu öyrənərkən, istərsə də bir mövzunu təkrar edərkən “rəngli qələm” üsulundan istifadə edin (Əlbəttə ki, lazım olan məlumatların altından xətt çəkmək üçün).
- Təkcə təkrar edilməyən məlumatlar yox, istifadə edilməyən məlumatlar da unudulmağa məhkumdur (Ona görə də, öyrəndiyiniz mövzuları təkcə təkrar etməyə yox, həm də istifadə etməyə çalışın).
- Öyrəndiyimiz bir mövzunu unutmağımıza səbəb olan amillərdən biri də (bəlkə də birincisi) bu mövzunu fasiləsiz öyrənməkdir (Çünki fasilə təkcə beyinin istirahət etməsinə yox, yeni məlumatlar arasında əlaqə qurmasına da kömək edir).
Aygün Vəliyeva