Sığorta şirkəti 213 min manatlıq tenderin qalibi oldu


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Meqa Sığorta” ASC (VÖEN - 1400143091) olub.
Yeniavaz.com xəbər verir ki, “Meqa Sığorta” ASC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Bildirilir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ümumilkdə 523 əməkdaşın bir illik könüllü tibbi sığorta xidməti üçün “Meqa Sığorta”ya 213 min 384 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün il ərzində ödəniləcək tibbi sığorta haqqı 408 manat olacaq. 
Məlumat üçün bildirək ki, “Meqa Sığorta” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 23 milyon manat olan “Meqa Sığorta”nın əsas səhmdarlarından biri Əliyev Rauf Zeynal oğludur. Rauf Əliyev 1992-ci ildə Şuşa şəhərində anadan olub. O, 2014-cü ildən “Z Kommers” MMC-də, 2016-cı ildən isə “Brilliance” MMC-də təsisçi kimi fəaliyyət göstərir. Eyni zamanda, 2017-ci ildən etibarən “Mega Sığorta” ASC-nin səhmdarı və “Rabitəbank” ASC-nin əsas səhmdarı və Müşahidə Şurasının üzvüdür. Rauf Əliyevin atası ölkənin tanınmış iş adamlarından biri olan Əliyev Zeynal Hacıməmməd oğludur.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top