Azərbaycanda unun qiyməti bahalandı – Son qiymətlər


Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, əksər topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsində qiymət dəyişikliyi olub.
Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 26 şirkət və bir fərdi sahibkar məşğul olur. Təxminən bir ay əvvəl unun ən ucuz qiymətə satıldığı “Dəvəçi-Taxıl” MMC qiymətləri 30 qəpik artırıb. Əvvəl, 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 25 manat 30 qəpik olduğu halda, oktyabr ayının 31-də 26 manata qaldırılıb.
Qiymət artımı bəzi şirkətlər tərəfindən daha çox artırılıb.
Məsələn, “Anadoluqida” MMC 50 kiloqramlıq un kisəsinin qiymətini 26 manatdan 26,55 manata artırıb.
Yalnız 2 şirkətdə qiymət dəyişikliyi olmayıb.
“SKY Agro” MMC 50 kiloqramlıq un kisəsini 25,95 manata, “Azeri-Arapoğlu U.S. və T.LTD” BM isə 27,5 manata satır. 
Qiymət artımından sonra Azərbaycanda unu ən baha qiymətə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM  şirkəti satır.
Hüquqi ünvanı və satış mərkəzi Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə, 8A-da yerləşən şirkət 50 kiloqramlıq un kisəsini 27 manat 50 qəpiyə satır.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə Şabran rayonu, Ağalıq kəndində yerləşən “SKY Agro” MMC satır. Bu şirkət bir kisə unu müştərilərə 25 manat 95 qəpikdən təklif edir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top