Almaniyanın Tehrandakı müvəqqəti işlər vəkili Almaniya hakimiyyətinin bu ölkədəki İran baş konsulluqlarını bağlamaq qərarı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Aləm” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, vəkilə Berlinin İran və Almaniya vətəndaşlarını konsulluq xidmətlərini almaq imkanından məhrum edən hərəkətlərinə etiraz edilib.
Qeyd edək ki, bundan əvvəl DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər vermişdi ki, Almaniya hökuməti İranın ölkədəki bütün baş konsulluqlarının bağlanması barədə qərar qəbul edib. Agentliyin məlumatına görə, söhbət Frankfurt, Hamburq və Münxendəki diplomatik nümayəndəliklərdən gedir.
İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək.
DPA-nın məlumatına görə, Almaniya hakimiyyətinin bu addımı İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarməhdin İranda edam edilməsinə reaksiyadır.
Xatırladaq ki, oktyabrın 29-da Almaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini çağırıb, həmçinin Almaniyanın Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırdığını bəyan edib. Alman diplomat çərşənbə günü Tehranı tərk edib. Berlinin fikrincə, bu cür tədbirlər Şarməhdin edamına etiraz olaraq həyata keçirilib.
2023-cü ildə İranın Ali Məhkəməsi Şarməhdi terrorizmdə ittiham edərək, edam cəzasına məhkum edib. Hökm Almaniya hakimiyyəti və Aİ nümayəndələri tərəfindən pislənib.