
İsrailin Baş naziri Benyamin Netanyahu kiçik oğlu Avnerin noyabrın sonuna planlaşdırılan toyunu təxirə salmaq istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Onun məlumatına görə, bu, təhlükəsizlik təhdidləri, o cümlədən dron hücumları riski ilə bağlıdır.
Toy əvvəlcə noyabrın 26-da Təl-Əvivin şimalındakı “Ronit Fram”dakı xüsusi tədbirlər bağında keçirilməli idi. Lakin indi Netanyahu qonaqları yersiz riskə məruz qoymamaq üçün toyun təxirə salınmasını müdafiə edir.
“Kan”ın məlumatına görə, baş nazirin ən böyük narahatlığı pilotsuz təyyarələrin hücumu təhlükəsidir.
Qeyd edək ki, oktyabrın 28-də “Kan” İsrail Nazirlər Kabinetinin iclaslarının təhlükəsizlik səbəbi ilə gizli yerə köçürüldüyünü bildirib. Telekanala görə, Netanyahu uzun tətildən sonra bu həftə yeni iclasına başlayan Knessetin (parlamentin) iclaslarının gizli yerə köçürülməsinin zəruriliyi barədə təklif verib.
Xatırladaq ki, oktyabrın 19-da səhər tezdən Netanyahunun Təl-Əviv və Hayfa arasında yerləşən dənizkənarı Qeysəriyyə qəsəbəsindəki iqamətgahı Livandan buraxılan pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Onlardan ikisi vurulub, biri isə evə dəyərək Netanyahunun yataq otağının pəncərəsini zədələyib. Baş nazirin özü və həyat yoldaşı həmin an evdə olmayıb. Hadisədən dərhal sonra Netanyahu “Hizbullah” təşkilatını onu və həyat yoldaşını öldürməyə cəhddə ittiham edib. Daha sonra “Hizbullah” təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürüb.