Gürcüstan prokurorluğu Zurabişvilini dindirməyə çağırdı


Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilini oktyabrın 31-də keçmiş parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı ifadələrinə görə dindirməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə istintaq orqanının açıqlamasında bildirilir.
“Mərkəzi Seçki Komissiyasının və KİV-in yaydığı məlumata görə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutları olmalıdır və bu səbəbdən Gürcüstan Prezidenti oktyabrın 31-də istintaq orqanına dindirilmək üçün dəvət edilib”, - məlumatda deyilir.  
Qeyd edək ki, oktyabrın 29-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasının mümkünlüyünü araşdırmaq xahişi ilə Baş Prokurorluğa müraciət edib.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda ilk dəfə elektron seçki qutuları ilə parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,9% səs toplayaraq, qalib gəlib və hökuməti fərdi qaydada formalaşdırmaq hüququ əldə edib.
Dörd müxalifət partiyası beş faizlik baryeri keçib: “Dəyişiklik üçün Koalisiya” 10,92 faiz, “Vahid Milli Hərəkat” partiyası 10,12 faiz, “Güclü Gürcüstan” 8,78 faiz, “Qaxariya Gürcüstan üçün” partiyası isə 7,76 faiz səs toplayıb.
Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkilərin nəticələrini saxta hesab etdikləri üçün onları tanımaqdan imtina ediblər. Zurabişvili də seçkinin nəticələrini tanımayıb. Prezidentin sözlərinə görə, MSK-nın məlumatları manipulyasiya edilib və faktiki olaraq müxalifət “Gürcü arzusu”ndan daha çox səs toplayıb və bununla da parlamentdə çoxluq əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top