
Rusiya və Ukrayna Qətərin vasitəçiliyi ilə bir-birinin enerji infrastrukturuna qarşılıqlı hücumları dayandırmaq üçün ilkin danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Ukraynanın yüksək rütbəli rəsmiləri də daxil olmaqla, mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, avqustda Moskva və Kiyev razılığa gəlməyə yaxın olsalar da, danışıqlar Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi ilə pozulub.
“Hazırda enerji obyektləri ilə bağlı danışıqlar davam edir”, - deyə danışıqlarla tanış olan diplomat nəşrə bildirib.
Ukraynanın yüksək rütbəli rəsmisi qəzetə bildirib ki, son həftələrdə Ukrayna və Rusiya artıq bir-birinin enerji infrastrukturuna hücumların tezliyini azaldıb. O, bunun iki ölkənin kəşfiyyat xidmətlərinin əldə etdiyi razılaşma çərçivəsində baş verdiyini iddia edib.