
İsrail Knesseti (parlamenti) Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) bu ölkədə fəaliyyətini qadağan edən qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Məlumata görə, qanun layihəsi ikinci və üçüncü yekun oxunuşlarda qəbul edilib. 92 deputat qadağanın lehinə, 10 deputat isə əleyhinə səs verib.
Qanun UNRWA-nın İsrail ərazisində nümayəndəliklərinin olmasını, xidmət göstərməsini və birbaşa və ya dolayısı ilə hər hansı fəaliyyət göstərməsini qadağan edir.
Oktyabrın əvvəlində Knessetin Xarici İşlər və Təhlükəsizlik Komitəsi UNRWA-nın ölkədə fəaliyyətini qadağan edən qanun layihəsini təsdiqləyib. Qanun layihəsi 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının silahlı tərəfdarları tərəfindən İsrailə qarşı həyata keçirilən hücumda agentlik əməkdaşlarının iştirakı ilə bağlı məlumatlar əsasında hazırlanıb.
İsrail tərəfi dəfələrlə UNRWA-nın bir çox əməkdaşının HƏMAS-ın hərbi qanadının fəaliyyətində eyni vaxtda iştirak etdiyini bəyan edib.
Qeyd edək ki, oktyabrın 17-də Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borel bildirib ki, İsrail hakimiyyəti BMT sisteminə bütün cəbhələrdə hücum edir. O əlavə edib ki, İsrail hökuməti BMT-nin baş katibi Antonio Quterreşi antisemit, UNRWA-nı isə terror təşkilatı hesab edir.