Tbilisinin mərkəzində parlament seçkilərinin nəticələrinə görə etiraz aksiyası keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Paper Kartuli” məlumat yayıb.
Bildirilib ki, etirazçılar Rustaveli prospektini bağlayıblar.
Etirazçılar oktyabrın 28-i axşam saatlarında Gürcüstana gələn Macarıstanın Baş naziri Viktor Orbanın kortejini fitə basıblar.
Mitinqdə Gürcüstan Prezidenti Salome Zurabişvili çıxış edib. O, seçkinin nəticələrini qəbul etmədiklərini bildirən beynəlxalq liderlərlə danışdığını deyib.
Mitinqdə çıxış edən “Vahid Milli Hərəkat” Partiyasının liderlərindən biri Giorgi Vaşadze bildirib ki, müxalifət beynəlxalq administrasiya tərəfindən keçiriləcək təkrar seçkilərin keçirilməsini tələb edir.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib. Beynəlxalq müşahidəçilər səsvermənin pozuntularla keçdiyini bildiriblər. Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, seçkilərin nəticələrinin tanınması “Rusiyanın gəlişi və Gürcüstanın tabe olması” deməkdir.