İran hakimiyyəti Livanda çoxsaylı rabitə cihazlarında baş verən partlayışlardan sonra “Motorola” korporasiyasının mobil telefonlarının idxalını və istifadəsini qadağan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Digiato” portalı məlumat yayıb.
Bildirilib ki, ticarət, sənaye və mineral sərvətlər nazirinin müavini Məhəmməd Mehdi Baradaran vəzifəsini tərk etməzdən bir müddət əvvəl İranda “Motorola” markalı telefonların satışının dayandırılacağını açıqlayıb.
Portal qeyd edib ki, bir çox onlayn mağazalar artıq cihazları kataloqlarından çıxarıb və ya statuslarını “stokda yoxdur” vəziyyətinə dəyişib. İdxal qadağası səbəbindən bu markanın telefonları ölkə daxilində qeydiyyatdan keçə bilməz.
Xatırladaq ki, sentyabrın 17-də Livanda “Hizbullah” qruplaşmasının üzvlərinə məxsus peycerlərdə güclü partlayışlar baş verib. Bu hadisə nəticəsində 4 mindən çox insan yaralanıb. Ertəsi gün, sentyabrın 18-də Livanda radio və digər avadanlıqların partlaması olub, nəticədə 600-dən çox insan yaralanıb.