
“X” İranın ruhani lideri Ayətullah Əli Xameneinin ivrit hesabını bloklayıb.
Yeniavaz.com xəbər verir ki, artıq Xameneinin ivrit dilində olan səhifəsi əlçatan deyil.
“Hesabın fəaliyyəti dayandırıldı. “X” qaydaları pozan hesabların fəaliyyətini dayandırır”, - deyə səhifəni açarkən görünən mesajda bildirilir.
Ancaq digər dillərdəki səhifələr hələ də fəaliyyətdədir.
Hesabın bloklanması İranın ruhani liderinin “İsrailin İranla bağlı etdiyi səhvə” işarə etdiyi mesajın dərcindən sonra baş verib.
Qeyd edək ki, oktyabrın 26-da İsrail ordusu çoxsaylı davamlı hücumlara cavab olaraq, İrandakı hərbi obyektlərə zərbələr endirib. İranın hava hücumundan müdafiə qüvvələrinin bəyanatına görə, İlam, Tehran və Xuzistan əyalətlərindəki hərbi hədəflərə hücum edilib, lakin dəyən zərər məhdud olub.