
Gürcüstanda müxalifət partiyaları hakimiyyətdə olan “Gürcü Arzusu” partiyasının parlament seçkilərindəki qələbəsini tanımaqdan imtina edib.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, seçkilərdə 5 faizlik baryeri keçən müxalifət partiyaları məsləhətləşmələri davam etdirir. Onlar öz qərarlarını bu gün açıqlamağı planlaşdırırlar.
“Bu, oğurlanmış seçkidir, bu, Gürcüstanda hakimiyyətin qəsb edilməsi və konstitusiya çevrilişidir. Bu baş verməyəcək. Bura Rusiya deyil, bura Venesuela deyil, bura Gürcüstandır”, – bu sözləri, seçkidə ikinci nəticə göstərən (11,2%) Dəyişiklik Koalisiyasının lideri Nika Qvaramiya deyib.
"Bidzina İvanişvili gürcü xalqının qələbəsini oğurladı və Avropanın gələcəyini oğurladı... Biz bu oğurlanmış seçkilərin nəticələrini tanımırıq və tanımaq niyyətində deyilik", - bunu isə Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava bildirib.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkilərdə 18 partiya iştirak edib.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, 12 ildir hakimiyyətdə qalan “Gürcü Arzusu” 52,9% səs toplayıb.