
İsrail Müdafiə Qüvvələri (IDF) İranın raket istehsalı obyektlərinə, həmçinin hava hücumundan müdafiə obyektlərinə hava zərbələri endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.
Ordunun mətbuat xidməti zərbənin İranın son aylarda İsrailə hücumlarına cavab olduğunu və missiyanın tamamlandığını bildirib.
Zərbələrə Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi rəhbərlik edib.
“Kəşfiyyat məlumatlarına görə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İranın son bir ildə İsrail dövlətinə atdığı raketlərin istehsalı üçün istifadə edilən istehsal obyektlərinə zərbələr endirib”, - məlumatda qeyd edilib.
Məlumata görə, İran Silahlı Qüvvələrinin İlam, Tehran və Xuzistan əyalətlərindəki bəzi hərbi obyektlərinin hücuma məruz qaldığını bildirilib.
“Al Mayadeen” telekanalının məlumatına görə, İranın hava hücumundan müdafiə sistemləri hücumların əksəriyyətini uğurla dəf edib. İsrail isə bu məlumatı təkzib edib.
“Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran silahlı qüvvələrinin elit bölmələri) obyektlərinə ziyan dəymədiyini iddia edib.
“Axios” portalı İarailin İrana üç silsilə zərbə endirdiyini iddia edib. Zərbələrin birincisi İranın raket əleyhinə müdafiə sistemlərinə, ikinci və üçüncüsü raketlərin və pilotsuz təyyarələrin yerləşdiyi bazalara, eləcə də onların istehsalı üçün zavodlara yönəldilib.
“ShafaqNA” agentliyinin məlumatına görə, İranın nüvə obyektlərinə hücum edilməyib.
Ölənlər və yaralananlar barədə məlumat verilməyib.