COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.
Yeniavaz.com xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq.
Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq simulyasiya prosesinə COP29-un avtomobil və avtobusları ilə yanaşı, təcili tibbi yardım və yanğınsöndürmə maşınları da cəlb ediləcək. Bu zaman paytaxtın mərkəzi hotelləri, hava limanı, tədbir məkanı olan Bakı Stadionu və qonaqların hərəkət edəcəyi digər əsas istiqamətlərdə nəqliyyat hərəkətinin simulyasiyası baş tutacaq.
Bundan əlavə, 27 oktyabr tarixində saat 10:00-dan 14:00-dək əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın bəzi küçə və prospektlərində COP29-a məxsus avtobusların da monitorinqi baş tutacaq.