
“Türk müdafiə sənayesinin lokomotiv təşkilatlarından olan TAİ-yə qarşı törədilən terror aktı “Tam Müstəqil Türkiyə” idealımızın simvolu olan ölkəmizin sağ qalması, millətimizin əmin-amanlığı və müdafiə sıçrayışlarımızı hədəfləyən alçaq bir hücumdur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın TAİ-də baş verən terror aktı ilə bağlı yaydığı açıqlamada deyilib.
“Terror aktının baş verdiyi ilk andan təhlükəsizlik qüvvələrimiz operativ müdaxilə edərək terrorçuları zərərsizləşdirib. Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç kim öz məqsədlərinə çata bilməyəcək. Hər cür terror təhdidlərinə və onların dəstəkçilərinə qarşı mübarizəmiz qətiyyətlə və çoxölçülü şəkildə davam edəcək. Xain terror aktında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”, - məlumatda deyilib.
“Müdafiə sənayemizin qürur mənbəyi olan TAİ-nin fədakar əməkdaşlarına və xalqımızın tezliklə sağalmasını arzulayıram”, - Ərdoğan qeyd edib.