İsrailin Baş naziri Benyamin Netanyahu Livandan atılan pilotsuz təyyarənin İsrail hökuməti başçısının Qeysəriyyə şəhərindəki şəxsi iqamətgahına hücumundan sonra İranı və Tehranın müttəfiqlərini onu və həyat yoldaşını öldürməyə cəhddə ittiham edib.
Yeniavaz.com xəbər verir ki, Netanyahu bu barədə sosial şəbəkə hesabında yazıb.
“İranpərəst “Hizbullah” qrupunun bu gün (19 oktyabr – red.) məni və həyat yoldaşımı öldürmək cəhdi ciddi səhv idi”, - Netanyahu yazıb.
“Bu, mənim və ya İsrail dövlətinin gələcəyimizi təmin etmək üçün düşmənlərimizə qarşı ədalətli müharibəni davam etdirməyə mane olmayacaq. İran və onun müttəfiqləri İsrail vətəndaşlarına zərər vurmağa çalışsalar, bunun əvəzini ağır ödəyəcəklər. İsrail terrorçuları və onları göndərənləri məhv edəcək”, - baş nazir əlavə edib.
Qeyd edək ki, İranın “İrna” dövlət agentliyi İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinə istinadən məlumat yayıb ki, İsrail Baş nazirinin şəxsi iqamətgahına pilotsuz təyyarə ilə hücumu Livanın “Hizbullah” radikal hərəkatı təşkil edib.