Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilin sonuna qədər “Ukraine Facility” mexanizmi çərçivəsində Ukraynaya ayrılan 50 milyard avroluq yardımın növbəti tranşının veriləcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Avropa Komissiyasının rəhbəri xatırladıb ki, mexanizm Ukraynanın islahat planının həyata keçirilməsinə uyğun olaraq, 2024-2027-ci illəri əhatə edən 4 il ərzində 50 milyard avro investisiyaları nəzərdə tutur.
“Biz mühüm irəliləyiş görürük. Ukraynanın tərəqqisi sayəsində biz artıq 12 milyard avrodan çox vəsait ayırmışıq. İlin sonuna qədər daha bir tranşın ayrılacağını gözləyirik”, - deyə fon der Lyayen bildirib.
Qeyd edək ki, avqust ayında Avropa Komissiyası “Ukraine Facility” proqramı çərçivəsində 4,2 milyard avroluq əvvəlki tranşı Ukraynaya köçürüb.