Bakının Nizami küçəsində mikromobillik zolaqlarının təşkilinə dair təklif layihəsi hazırlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AYNA-da keçirilən ictimai dinləmədə bildirilib.
Qeyd edilib ki, layihə çərçivəsində Nizami küçəsində yolun sol kənarında mikromobillik zolaqlarının təşkili, 2 hərəkət zolağı və sağ kənarda paralel və perpendikulyar parklanma yerlərinin təşkili nəzərdə tutulur.
Sözügedən mikromobillik zolaqları Nizami küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyədək olan hissəsində təşkil ediləcək. O da qeyd olunub ki, standartlar çərçivəsində yeni nişanlanma xətlərinin təşkili zamanı öncədən mövcud olan sayda hərəkət zolaqları saxlanılacaq.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni layihələrlə bağlı növbəti ictimai dinləmə keçirilib.