Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsi hökumət əleyhinə kütləvi etirazlardan sonra ölkədən qaçan keçmiş baş nazir Şeyx Hasinanın həbsinə order verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Banqladeş baş prokuroru Tacul İslam jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Hasinanın həbs olunaraq noyabrın 18-də məhkəmə qarşısına çıxarılması planlaşdırılır. O bildirib ki, keçmiş hökumət başçısı iyuldan avqust ayına kimi qırğınlar və bəşəriyyətə qarşı cinayətlər törədənlərə rəhbərlik edib. Keçmiş baş nazirdən başqa, keçmiş hakim “Avami Liqası” partiyasının üzvləri də daxil olmaqla daha 44 nəfərin həbsinə order verilib.
“Təqsirləndirilən şəxslər son dərəcə güclü insanlardır. Əgər həbs edilməsələr, hərtərəfli araşdırma aparmaq mümkün olmayacaq. Qurbanların ailələri qorxusundan danışmağa cəsarət etmirlər”, - İslam bildirib.
Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsinə keçmiş baş nazirə və onun “Avami Liqası” partiyasının üzvlərinə qarşı artıq 60-dan çox ərizə verilib. Banqladeş hüquq-mühafizə orqanları da Hasinanın vətəninə qaytarılması üçün İnterpoldan kömək istəmək niyyətindədir.
Qeyd edək ki, avqustun 5-də hökumət əleyhinə nümayişlər fonunda Banqladeşin baş naziri istefa verib. Həmin gün o, Hindistana uçub və Hindistan rəsmiləri onun təhlükəsiz yerdə saxlandığını bildirib. İyulun axırı və avqustun əvvəllərində keçirilən etiraz aksiyaları zamanı respublikada 700-dən çox insan həlak olub.
Avqustun 8-də Banqladeşdə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumətin andiçmə mərasimi keçirilib.