ABŞ-nin böyük silah istehsalçısı “RTX Corporation”ın törəmə şirkəti olan “Raytheon” hökumət müqavilələrində fırıldaqçılıq, korrupsiya və həddindən artıq qiymət artımı iddiası ilə bağlı iddiaya görə təxminən 1 milyard dollar ödəyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Ədliyyə Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.
Sənəddən göründüyü kimi, “Raytheon” agentliyin müəyyən dövlət müqavilələri üzrə şişirdilmiş xərcləri əhatə edən fırıldaqçılıq sxemi, korrupsiya və ixrac qaydalarının pozulması ilə bağlı iddialarını həll etmək üçün 950 milyon dollardan çox pul ödəyəcək.
Xüsusilə şirkət “Patriot” zenit-raket komplekslərinin və radiolokasiya stansiyasının tədarükü ilə bağlı fırıldaqçılıqda yaxalanıb.
Bundan əlavə, şirkət işçilərinin Qətərdə məmura gəlirli müqavilələr əldə etmək üçün rüşvət verməkdə ittiham edilib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi 2023-cü maliyyə ilində müxtəlif müqavilələrə 431,4 milyard dollar xərcləyib. Bu vəsaitin 24,1 milyard dollarını “RTX Corporation” alıb. Şirkət Pentaqonun əsas podratçıları arasında bu göstəricidə ikinci yeri tutub.