Britaniya Gürcüstanla dialoqu dondurdu


Britaniya hakimiyyəti Gürcüstan hakimiyyətinin hərəkətləri ilə əlaqədar nazirlər səviyyəsində Gürcüstanla “Wardrop” dialoqunu dondurmaq və iki ölkənin müdafiə qərargahları arasında danışıqları ləğv etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Qarret Uord “İnterpressnews” xəbər agentliyinə müsahibəsində bildirib.
“Bu səbəblərə görə (Gürcüstan hakimiyyətinin hərəkətləri) biz, Britaniya tərəfi, son 10 ildə ilk dəfə olaraq, nazirlər arasında illik yüksək səviyyəli “Wardrop” dialoqunu dondurmaq qərarına gəldik. Bu, dialoq formatı yaranandan bəri ilk dəfə baş verir. Biz həmçinin müdafiə qərargahları arasında planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, - Uord qeyd edib.
Səfirin sözlərinə görə, Gürcüstanın həm Böyük Britaniya, həm də digər Qərb tərəfdaşları ilə münasibətləri Gürcüstan hökumətinin bu il atdığı addımlar nəticəsində korlanıb.
Diplomatın qeyd etdiyi kimi, Britaniya əhalinin etirazlarına baxmayaraq, Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanundan, həmçinin oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra müxalifət partiyalarının fəaliyyətini qadağan etmək barədə seçki vədindən  məyus olub.
Qeyd edək ki, Böyük Britaniya və Gürcüstan arasında “Wardrop” Strateji Dialoqu 2014-cü ildə başlayıb.
Nazirlər səviyyəsində görüşlər hər il keçirilirdi və ikitərəfli münasibətlərin inkişafı üçün əsas platforma idi.

DİGƏR XƏBƏRLƏR

Top