NATO-nun illik “Steadfast Noon” nüvə təlimi başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlim iki həftə davam edəcək və əsasən Şimal dənizinin üzərində baş tutacaq.
Mətbuat xidmətinin məlumatına görə, “Steadfast Noon” təlimində 60-dan çox təyyarə, 2000-ə yaxın hərbçi iştirak edir. Təlim uçuşları Qərbi Avropa üzərində həyata keçirilir.
Qeyd edək ki, daha əvvəl NATO “Steadfast Noon” təliminə Amerika nüvə başlıqlarını daşıya bilən qırıcıların cəlb olunacağını, lakin onlara heç bir hərbi silahın yüklənməyəcəyini bildirmişdi.
NATO həmçinin bu təlimə 8 aviabazadan müxtəlif tipli təyyarələrin, o cümlədən nüvə silahı daşıyan, yanacaq dolduran, kəşfiyyat və elektron müharibə aparan bombardmançı və qırıcı təyyarələrin cəlb olunacağını qeyd etmişdi.