
Ölkənin aparıcı supermarketlər şəbəkəsindən biri olan “Araz Supermarket”də məşhur “Hacı Turqay” brendinə məxsus sosiska məhsulunun tərkibi ilə bağlı səhv məlumatlar verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı alıcılardan biri sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, “Araz Supermarket”də satılan sosiskanın üzərinə market tərəfindən əlavə etiket yapışdırılıb. Həmin etiketdə məhsulun tərkibi ilə bağlı məlumatlar yer alıb və bu məlumat istehsalçı şirkətin açıqladığı məlumatlardan fərqli olub. Belə ki, marketin “Hacı Turqay” brendinə məxsus sosiskanın üzərinə yapışdırdığı etiketdə bu məhsulun tərkibində donuz əti və donuz piyinin olduğu yazılıb.
Qeyd edək ki, “Hacı Turqay” brendi ilə isehsal olunan sosiska və kolbasa məhsulları “MT” LTD şirkətinə məxsusdur. Bu şirkətdən verilən açıqlmada isə bildirilir ki, istehsal olunan məhsulların tərkibində donuz əti olmur və məhsullar “Halal” sertifikatı əsasında istehsal olunur.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən “MT” LTD şirkətinin əməkdaşı bildirdi ki, “Araz Supermarket”in onlara məxsus məhsulun üzərinə yapışdırdığı etiketdə səhv məlumatların olması texniki xəta səbəbindən baş verib. Şirkətdən bildirdilər ki, bununla bağlı “Araz Supermarket”ə məlumat verilib və onlar da həmin səhvi aradan qaldırıblar.
“Araz Supermarket”lər şəbəkəsinin mətbuat xidmətindən isə bildirdilər ki, onlar mətbuatın şifahi sorğusuna cavab vermirlər. 11 oktyabr tarixində marketlər şəbəkəsinin e-mail ünvanına ([email protected]) göndərdiyimiz sorğuya isə cavab verilməyib.

Elnur Əli