
Amerikanın “Boeing” korporasiyası biznes problemləri ilə əlaqədar işçilərinin 10%-ni ixtisar etmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
“Gələcək aylarda ümumi işçi qüvvəmizi təxminən 10% azaltmağı planlaşdırırıq. Bu ixtisarlar həm rəhbərlərə, həm menecerlərə, həm də işçilərə təsir edəcək”, - deyə baş direktor və prezident Kelli Ortberq bildirib.
O, şirkətin çətin vəziyyətdə olduğunu və vəziyyətdən çıxmaq üçün işçi səviyyəsini tənzimləmək lazım gəldiyini açıqlayıb.
Ortberg həmçinin 777X və “767 Freighter” proqramı üzrə təyyarələrin istehsalında gecikmələr olduğunu bildirib.
Qeyd edək ki, sentyabr ayında “New York Times” qəzeti “Boeing”in on minlərlə işçisini məcburi ödənişsiz məzuniyyətə göndərmək qərarına gəldiyini qeyd etmişdi. Təyyarə nəhəngi, həmçinin genişmiqyaslı xərclərə qənaət tədbirlərinin bir hissəsi kimi işə qəbulun dondurulduğunu, rəsmi səyahətlərin dayandırıldığını və təchizatçılar üçün xərclərin azaldıldığını elan etmişdi.