“Rusiya veteranları” Stiven Siqalı müharibəyə dəvət etdi


Rusiyanın “Rusiya Veteranları” ictimai hərəkatı aktyor və rejissor Stiven Siqala Rusiya-Ukrayna müharibəsində iştirak edən Rusiya ordusunun könüllü birləşmələrindən birinə qoşulmağa kömək etməyi təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərəkatın sədri İldar Rezyapovun oktyabrın 11-də 72 yaşlı aktyora göndərdiyi məktubda deyilir.
Məktubda deyilir: “Vətənimizi müdafiə etməyə və hətta onun uğrunda canınızı verməyə hazır olduğunuz barədə dediyiniz sədaqət və vətənpərvərliyin qüdrətli rəmzidir və hamımızı dərindən təsirləndirir.
Rusiya Federasiyasının tərəfində XHƏ-də (xüsusi hərbi əməliyyat – müharibə - red.) iştirak etmək barədə yekun qərar verdiyiniz halda sizə tam dəstəyimizi təklif etmək istərdik. “Rusiya Veteranları” hərəkatı Rusiya Federasiyası Silahlı Qüvvələrinin XHƏ-də iştirak edən könüllü birləşmələrindən birinə qoşulmaq üçün məlumat və təşkilati yardım göstərməyə hazırdır”.
Belə bir təşəbbüslə “Rusiya veteranları” Stiven Siqalın “Ədalət naminə” adlı təbliğat filmi Smotrim.ru platformasında oktyabrın 10-da dərc edildikdən sonra çıxış edib.
Lentdə Siqal, digər şeylərlə yanaşı, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı işğalının başlamasının ertəsi günü Rusiya Prezidenti Vladimir Putinə dəstəyini ifadə edən məktub yazdığını bildirib. Siqalın sözlərinə görə, o, məktubda yazıb: “İndi biz əsl soydaşlarımızın kimlər olduğunu, kimlərin dostumuz, kimlərin düşmən olduğunu görəcəyik. Mən prezidentimin yanında olacağam, prezidentimin yanında mübarizə aparacağam. Lazım olsa, prezidentimin yanında öləcəm”.
Stiven Siqal 2016-cı ildə Serbiya vətəndaşı olduqdan bir neçə ay sonra Rusiya vətəndaşlığını alıb. Aktyor 2018-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası ilə ABŞ arasında humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edib. Siqal 2021-ci ildə "Ədalətli Rusiya - Həqiqət üçün" partiyasına qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top