“Milton” qasırğası ilə əlaqədar dəyən zərər 50 milyard dollara çata bilər


ABŞ-nin Florida ştatını vuran “Milton” qasırğası ilə əlaqədar sığortalanmış zərər 30-50 milyard dollar təşkil edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fitch Ratings” reytinq agentliyi öz hesabatında məlumat verib.
Bu isə agentliyin məlumatına görə, ABŞ-də bu il sığortalanmış zərərin ümumi həcminin 100 milyard dolları keçməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, 3-cü kateqoriya “Milton” qasırğası çərşənbə günü axşam yerli vaxtla təxminən 20:35-də (Bakı vaxtı ilə 04:35-də) Siesta-Ki yaxınlığında sahilə çatıb. Cümə axşamı səhər qasırğa birinci kateqoriyaya qədər zəifləyib.
“PowerOutage” monitorinq resursunun məlumatına görə, ştatın 3 milyondan çox sakini işıqsız qalıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 9 nəfər həlak olub.
Digər tərəfdən, oktyabrın 7-də ABŞ Prezidenti Co Bayden ştata yaxınlaşan qasırğa ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsinə icazə verilib.
Xatırladaq ki, sentyabrın sonunda ABŞ-nin cənubunu vuran “Helen” qasırğası nəticəsində 200-dən çox insan ölmüş, 35 milyard dollardan çox ziyan dəymişdi.

DİGƏR XƏBƏRLƏR

Top