Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
O bildirib ki, Ronaldo ilə yeni müqavilənin şərtlərinin müzakirə olunduğu görüşdə klubun baş direktoru ilə yanaşı Səudiyyə Ərəbistanının dövlət investisiya fondunun və Turizm Nazirliyinin nümayəndələri də olub.
Məlumata görə, görüş müsbət keçib və tərəflərin yaxın vaxtlarda hazırkı müqavilənin müddətinin uzadılması ilə bağlı razılıq əldə edəcəklərinə əmin olduqları vurğulanıb.
Qeyd edək ki, Ronaldonun 39 yaşı var. O, Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı forvard milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Ronaldo rəsmi matçlarda karyerasında 900 qol vuran ilk futbolçudur. O, 5 dəfə “Qızıl top” alıb.
Xatırladaq ki, Ronaldo 2022-ci ilin dekabrında “Əl-Nəsr”lə 2,5 illik müqavilə imzalayıb. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir.
Hazırda futbolçunun transfer qiyməti 15 milyon avro qiymətləndirilir.