
Dünyanın ən quraq yerlərindən birinə misli görünməmiş yağış yağıb.
Yeniavaz.com xəbər verir ki, “Associated Press” güclü yağışlardan sonra Mərakeşin cənub-şərqindəki Sahara səhrasından çəkilmiş fotoşəkilləri dərc edib.
Mərakeş səlahiyyətlilərinin hesablamalarına görə, sentyabr ayında bir neçə bölgəyə, o cümlədən ən çox zərər çəkmiş Tata şəhərinə iki gündə illik orta göstəricidən daha çox yağıntı düşüb.
Mərakeşin paytaxtı Rabatdan 450 kilometr cənubda yerləşən Taqunit kənd icmasına bir gündə 100 millimetrdən çox yağış yağıb. Mərakeş Baş Meteorologiya İdarəsinin rəsmisi Hussin Yuabeb nəşrə bildirib ki, 30-50 il ərzində bu qədər qısa müddət ərzində bu qədər yağış yağmayıb. Agentliyin həmsöhbəti bildirib ki, keçmiş ekstratropik siklonla əlaqədar yaxın aylarda və illərdə regionda hava şəraiti dəyişə bilər - havada rütubətin çox olması səbəbindən buxarlanma artacaq ki, bu da yeni leysan yağışlarına səbəb ola bilər.
Qeyd edək ki, sentyabrın əvvəlində yağan yağışlar Mərakeş və Əlcəzairdə 20-dən çox insanın həyatına son qoyub.


