
Türkiyənin Bursa şəhərində azərbaycanlı iş adamı çayxananda güllələnib.
Yeniavaz.com Haberler.com-a istinadla xəbər verir ki, hadisə sentyabrın 25-də Bursanın Gürsu rayonunda baş verib.
İstanbuldan motosikletlə Bursanın Gürsu rayonuna gələn iki şübhəli şəxs əvvəlcə bir müddət rayon mərkəzini araşdırıb. Daha sonra şübhəli şəxslərdən biri azərbaycanlı iş adamının olduğu çayxanaya daxil olub və gödəkçəsinin cibindən çıxardığı silahla onun ayağına 3 dəfə atəş açaraq qaçıb.
Həmin anlar çayxananın təhlükəsizlik kameralarında öz əksini tapıb. Xəsarət alan iş adamı müalicə üçün xəstəxanaya aparılıb.
İş adamı bir müddətdir tanımadığı şəxslər tərəfindən telefonla təhdid edildiyini və ondan külli miqdarda pul tələb edildiyini bildirib. Nəticədə, iş adamının ifadəsinə əsasən Bursa Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat həyata keçirib. Əməliyyat çərçivəsində 300-dən çox təhlükəsizlik kamerası araşdırılıb.
Araşdırma nəticəsində motosikletli 2 şübhəlini müəyyən edilib. İstanbula gedən motosikletçilər 12 saat ərzində dəbilqələrini çıxarmayıblar. 12 saat sonra dəbilqələrini çıxaran motosikletçilərin kimliyi və yeri müəyyən edilib. Əməliyyat nəticəsində 17 yaşlı M.M.Ç. və 18 yaşlı B.A. hadisədə istifadə etdikləri silahla birgə saxlanılıb.
İstintaq nəticəsində onların “Daltonlar” Cinayət Təşkilatının üzvləri olduğu müəyyən edilib. Bu şəxslərin ifadələri əsasında istintaqı genişləndirən Bursa Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bursa Respublika Baş Prokurorluğu ilə Bursa, Muğla, İstanbul və Hatayda cinayət təşkilatı quran dəstə üzvlərinə qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində “Daltonlar” cinayət təşkilatının əvvəl saxlanılan 2 üzvü də daxil olmaqla 10 üzvündən 9-u həbs edilib. Daha sonra 1 nəfər zaminə buraxılıb.
Həmçinin, cinayətkar təşkilatın əksər əməliyyatları yaşı 18-dən az olan üzvləri ilə həyata keçirdiyi müəyyən olunub.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz