2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqələrində xidməti dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş zamanı razılıq əldə olunub.
Razılığa əsasən, Rusiya sərhədçilərini Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcəklər. Beləliklə, Ermənistan sərhədçiləri sərhəd-buraxılış məntəqəsində bütün fəaliyyəti öz üzərlərinə götürəcəklər.
“Həmçinin razılıq əldə olunub ki, 2025-ci il yanvarın 1-dən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Rusiya hərbçiləri ilə yanaşı Ermənistan və Türkiyə arasındakı dövlət sərhədlərinin mühafizəsində iştirak etsinlər”, - deyə Ermənistan Baş nazirinin mətbuat katibi “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, Moskva və İrəvan 1992-ci il sentyabrın 30-da Rusiya sərhədçilərinin respublika ərazisində yerləşdirilməsi haqqında saziş imzalayıblar. Rusiya Sərhəd Qoşunlarının statusu haqqında müqaviləyə əsasən, onlar Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qoruyurlar. Rusiya sərhədçilərinin Ermənistanda saxlanması hər iki ölkənin hökumətləri tərəfindən təmin edilir.
Digər tərəfdən, Rusiya sərhədçiləri iyulun 31-də İrəvanın “Zvartnots” hava limanında xidməti başa vurublar. Buna səbəb Ermənistan Təhlükəsizlik Şurasının mart ayında müvafiq tələb irəli sürməsi olub.