İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun “AZSTANDART Halal” Sertifikatlaşdırma Orqanı Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, bununla da, AZSTANDART beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib.
““Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqi və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır”, - məlumatda deyilir.
Qeyd olunub ki, 2022-ci ildən etibarən Azərbaycan Respublikasının İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatında (SMIIC) üzvlüyü təmin edilib:
“AZSTANDART tərəfindən SMIIC-in 17 standartlaşdırma üzrə texniki komitəsində təmsilçilik həyata keçirilir. Bugünədək AZSTANDART tərəfindən halal məhsullar və xidmətlərlə bağlı SMIIC standartları əsasında 6 yeni dövlət standartı qəbul edilib, 23 əməkdaş SMIIC, Halal Akkreditasiya Qurumu (HAK), Türk Standartlar İnstitutu (TSE) və digər nüfuzlu qurumların təşkil etdiyi təlimlərdə iştirak edərək halal sertifikatlaşdırma və ISO 22000:2018 "Qida təhlükəsizliyi idarəetmə sistemi" beynəlxalq standartı üzrə beynəlxalq səviyyədə tanınan baş auditor sertifikatlarını əldə edib”.