
ABŞ hökuməti bir neçə ərəb ölkəsi ilə birlikdə atəşkəs və Yaxın Şərqdə sülhün bərpası üçün İranla gizli danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Qeyd olunub ki, təşəbbüs tərəflərin bütün cəbhələrdə eyni vaxtda barışmasını nəzərdə tutur.
“İsrail bu danışıqlarda tərəf deyil, lakin onların gedişatı barədə məlumatlandırılır. İsrail hökuməti bu cür məsləhətləşmələrlə bağlı mövqeyini hələlik ABŞ-a bildirməyib”, - telekanalın məlumatında deyilir.
“Hazırda biz güclü mövqedəyik, atəşkəs bizim şərtlərimizə uyğun olacaq. Xüsusilə“Hizbullah” qüvvələrinin Litani çayından o tərəfə çıxarılması və sərhədə yaxın “Hizbullah”ın bütün hərbi infrastrukturunun ləğv edilməsi ilə bağlı tələblər” – İsrail rəsmisi telekanala bildirib.
O deyib ki, İsrail hərbi hava qüvvələri Beyruta zərbələr endirdikdən sonra Livanın mövqeyi İsraillə barışıq və Qəzza zolağında atəşkəs tələblərindən imtina lehinə dəyişməyə başlayıb.
Oktyabrın 2-də Livan parlamentinin spikeri Nəbih Berri və baş nazir Nəcib Mikati Beyrutda keçirilən mətbuat konfransında İsraillə sərhəd problemlərinin həllinə dair danışıqlara başlamaq üçün 21 günlük atəşkəs bağlamağa hazır olduqlarını bəyan ediblər. “Hizbullah” baş katibinin müavini Şeyx Naim Qasım da təşəbbüsü dəstəklədiyini bildirib.