“Forbes” Trampı tarixin ən varlı prezidenti elan etdi


ABŞ-nin keçmiş prezidenti Donald Trampın 2023-cü ildə gəliri 218 milyon dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumata görə, bu, respublikaçının Amerika lideri kimi səlahiyyət müddətindəki gəlirindən demək olar ki, iki dəfə çox olub.
Nəşr qeyd edib ki, prezidentlik dövründə Trampın gəlirləri xeyli az olub.
Barak Obama, Corc Buş və Bill Klinton da daxil olmaqla bir çox keçmiş dövlət başçıları Ağ Evdən getdikdən sonra qazanclarını artırsalar da, heç biri Trampın səviyyəsinə çatmayıb. Buna görə də, “Forbes” respublikaçını tarixin ən varlı prezidenti adlandırıb.
Jurnalın yazdığına görə, Tramp qazancını daha çox qolf biznesinə görə artırıb. Belə ki, “Forbes”in hesablamalarına görə, 2023-cü il üçün eks-prezidentin bu sahədə aktivləri təxminən 74 milyon dollar təşkil edib. Bu məbləğə “Mar-a-Laqo” (Florida ştatı) klubunu da əlavə etsək, aktivlərin dəyəri 91 milyon dollara yüksəlir.
Tramp keçən il kitab satışlarından və ictimai çıxışlardan təxminən 5 milyon dollar, NFT-lərin (non-fungible tokens) satışından isə daha 5 milyon dollar qazanıb.
Prezidentlikdən getdikdən sonra cəmi üç il ərzində (2021-2023) “daşınmaz əmlak maqnatı” 605 milyon dollar əməliyyat gəliri əldə edib ki, bu da onun Ağ Evdəki ilk üç ilində qazandığı 445 milyon dollardan xeyli dərəcədə çoxdur.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyasını keçmiş prezident Donald Tramp, Demokratlar Partiyasını isə ölkənin hazırkı vitse-prezidenti Kamala Harris təmsil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top