2023-cü il oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin kəskinləşməsi başlayandan bəri ABŞ İsrailə hərbi yardım üçün rekord məbləğdə 17,9 milyard dollar xərcləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Braun Universitetinin hesabatına istinadla məlumat yayıb.
İsrail-Fələstin münaqişəsinin yenidən gərginləşməsinin ildönümündə dərc edilən hesabata görə, bu, Vaşinqton tərəfindən İsrailə bir ildə ayrılan ən böyük hərbi yardım olub.
İsrail həmçinin, 1959-cu ildən bəri Vaşinqtondan 251,2 milyard dollar hərbi yardım alaraq, tarixdə Amerikadan ən çox hərbi yardım alan ölkə olub.
Yeni paketə hərbi maliyyələşdirmə, silah satışı və istifadə olunmuş texnikanın təhvil verilməsi daxildir. İl ərzində tədarük edilən Amerika silahlarının əksəriyyəti artilleriya mərmilərindən tutmuş bunker bombalarına qədər geniş çeşiddə döyüş sursatlarından ibarət olub.
Hesabatda qeyd edilir ki, daha 4,86 milyard dollar ABŞ-nin bölgədəki hərbi əməliyyatlarının əhatə dairəsinin genişləndirilməsinə, o cümlədən ticarət gəmilərinin Yəmənin “Ənsar Allah” hərəkatının (husilərin) hücumlarından qorunmasına xərclənib.