
Könül ərbabı Yunus Əmrə şeirlərindən birində deyir:
“Elm elm bilməkdir,
Elm özünü bilməkdir,
Sən özünü bilməzsən,
Bu necə oxumaqdır?”
Əslində, bu sözdə çox böyük mətləblər var. Alim adını daşıyan, bütün elmi dərəcələrə, titullara sahib olan elə adamlara rast gəlirsən ki, elementar insani dəyərlərə belə sahib deyillər. Özünü bilməyən, əxlaqı, ədəbi yerində olmayan birinin oxuduğunun özünə də faydası yoxdur.
Qurani-Kərim “Oxu” əmri ilə nazil olmağa başlayıb. Oxumağın nə olduğunu, necə olduğunu yenə Qurani-Kərim bizə öyrədir. Uca kitabımızda buyurulur ki, öyrəndiyi elmi üzrə yaşamayan insan kitab yüklü eşşək kimidir. Demək, Quran təbirincə oxumaq əxlaqını gözəlləşdirmək, insanlara faydalı olmaq üçün çalışıb çarpışmaq deməkdir.
Elm öyrənməyin hədəfi insanlığa, bütün yaradılmışlara xidmət olmalıdır. Zalımın öyrəndiyi elm bombaya, kütləvi qırğın silahına çevrilir, şəhərləri, kəndləri xaraba qoyur.
İnsanlar müxtəlif niyyətlərlə elm öyrənirlər. Adam var ki, cəmiyyətdə yüksək mövqe tutmaq, imtiyaz sahibi olmaq, rifah içində yaşamaq üçün elm öyrənir; adam da var ki, insanlara faydalı olmaq, imkansızlara əl tutmaq, gücü yetdiyi qədər ədaləti qorumaq üçün elmə yiyələnir. Hər kəsə əməlinin dəyəri o əməlin təməlində yatan niyyətə görə verilir. Kimin niyyəti nədirsə, qazancı da ona görə olur.
Yuxarıda dediyimiz kimi, elm öyrənmək hər insanın boynunun borcudur. Qurani-Kərimin “Oxu” əmri təkcə o demək deyil ki, hansısa mətni, yazını üzündən oxuyasan, o deməkdir ki, gördüyün hər şeyin mənasını, mahiyyətini, nəyə görə, hansı səbəblə yaradıldığını, insan adlanan bu şərəfli məxluqun hüququnu, vəzifəsini biləsən. Və ən əsası da bildiklərini yaşamaq üçün çalışasan. İnsan qarşısındakı iki kitabı doğru, mənasını anlayaraq oxumalı və həyatını doğru istiqamətdə qurmalıdır: Allahın (c.c.) göndərdiyi Quranı-Kərimi və yenə Allahın (c.c.) yaratdığı Kainat kitabı...
Qurani-Kərimdə möhtəşəm bir ayə var: “Heç bilənlərlə bilməyənlər bir olarmı?” Göründüyü kimi, Allah (c.c.) bilənlərin üstün olduğunu söyləyir. Bilikli insan bütün şərtlərdə, bütün vəziyyətlərdə (hətta bu şərtlər və ya bu vəziyyətlər nə qədər ağır olursa-olsun) nə etməli olduğunu bilir. Gecənin zülmətində, dənizin qaranlığında və balığın qarnında zahirən bütün həyat şərtləri tükənmiş kimi görünsə də, Yunus Peyğəmbər (ə.s.) nə etməli olduğunu bilirdi və bildiyi o dua ilə də Allah (c.c.) ona həyat yolunu açdı. Könüllər sultanı Həzrət Əli (r.a.) buyurur ki, kim mənə bir hərf öyrətsə, mən onun qırx il qulu olaram. Əlbəttə, Rəsulullahdan sonra o coğrafiyada Həzrət Əliyə hərf öyrədəcək heç kim yox idi və ola da bilməzdi. Ən azı ona görə ki, Sevimli Peyğəmbərimiz (s.ə.s.): “Mən elmin şəhəri, Əli o şəhərin qapısıdır”, - buyurur. İmamın bu buyruğu elmə verdiyi dəyərin nə qədər yüksək olduğunu göstərmək üçündür.
Rəsulullah (s.ə.s.) Bədr müharibəsində əsir düşmüş müşriklərə istisnasız olaraq belə səslənir: “Kim on müsəlmana yazıb-oxumağı öyrətsə, azad ediləcək”. Halbuki o dövrdə müharibə əsirlərini azad etmək üçün çox yüksək məbləğdə fidyə, yəni, maddi vəsait ödənirdi.
Rəsulullah (s.ə.s.) belə buyurur: “Kim elm öyrənmək üçün yola çıxsa, Allah onu cənnət yollarından bir yola qoyar. Mələklər razılıq əlaməti olaraq qanadlarını elm öyrənənin önündə açarlar. Göylərdə və yerlərdə nə varsa, hətta dənizdəki balıqlar belə alim üçün Allahdan bağışlanma diləyər. Alimin abid üzərində üstünlüyü bədirlənmiş ayın ulduzlar üzərində parlaqlığına bənzəyər. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər özlərindən sonra nə bir dinar, nə də bir dirhəm miras qoyarlar, onlar yalnız elm miras qoyarlar. Kim bu mirası götürsə, böyük bir pay əldə etmiş olar”.
Başqa bir hədisdə isə Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur: “Elm öyrənmək hər bir müsəlman üçün fərzdir”. Bir həqiqət də var ki, elm saleh əməllərə qapı açmalı, sahibini həmişə xeyir işlərə sövq etməlidir. Oxumuş, elmi dərəcələr almış, savadı ilə ad çıxarmış biri gücünü, imkanını zülmə, haqsızlığa yönəldirsə, onda istər-istəməz Qurani-Kərimin buyurduğu “kitab yüklü eşşək” sözü yada düşür.
İnsan onu yaradan Rəbbini də elmlə tanıyar, tanıdıqca da sevər. Elmi olmayanın Allah (c.c.) haqqında bilikləri də yetərli olmaz. Həmçinin, Allah (c.c.) alim olan şəxslərə bir üstünlük verir. Elm Allahın bir xəzinəsidir və bəndələrindən istədiyinə bəxş edir.
Elm də, din də Allahın mülküdür. Bizim üçün ən böyük elm Allah kitabı Qurani-Kərimdir. Astronomiya kainat cisimlərini, onların hərəkət trayektoriyasını; kimya bütün yaradılmışların tərkibini; botanika bitkilər aləmini; zoologiya heyvanat aləmini; fizika təbiətdə qazların, metalların və eləcə də, bir çox təbiət hadisələrinin xassələrini, onlar arasında münasibətləri öyrənir. Hamısı da Allahın mülkünü öyrənməyə yönəlir.
Deyirlər ki, Quran elm kitabı deyil, amma bu da həqiqətdir ki, bu elmin ən müxtəlif sahələri haqqında bir çox biliklər rüşeym halında da olsa, Quranda öz əksini tapır. Bu zamana qədər elm Quranın bir kəlməsini belə təkzib edə bilməmişdir və edə də bilməyəcək.
Quran - Allahın endirdiyi hazır elmdır, ağıldır. Bir müqayisə aparmaq yerinə düşərdi: Göy üzünə Günəşi qoyan Allah bizim də alnımızın altında iki göz yaradıb ki, o Günəşin işığında dünyanı görək. Əgər Günəş olmasaydı, hər tərəf zülmət olardı və bizim iki deyil, iyirmi iki gözümüz də olsa, bir faydası olmazdı. Bizə ağıl verən Allah zaman-zaman kitablar endirib ki, insanlar orada əmr olunanların işığında dünyanı, həyatı, bu gəliş-gedişin mahiyyətini anlasınlar və həyatlarını düzgün qura bilsinlər. Yəni, Günəşlə göz arasında bağlılıq nədirsə, Quranla insan ağlı arasında bağlılıq da onun kimidir.
Elm öyrənmək, elmə təşviq etmək hər birimizin vəzifəsidir. Bu gün bəzi dövlətlər ona görə güclüdürlər ki, elmə dəyər verir, çalışaraq, yüksək nəticələr əldə edirlər. Elm rifahdır, inkişafdır, gücdür, ən başlıcası isə özünü bilmək, kainatın, həyatın mahiyyətini anlamaq, Uca Yaradanı tanımaqdır.
Allah (c.c.) xalqımıza elmli, dünyanı inkişafa aparan nəsillər nəsib etsin!
Murad Məmmədov