Şimali Atlantika Alyansı (NATO) hər biri təxminən 5 min hərbi qulluqçudan ibarət olan əlavə 49 döyüş hazırlığı briqadası yaratmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.
Beləliklə, nəşrin məlumatına görə, onların ümumi sayının 131 briqadaya çatdırılması nəzərdə tutulur.
Qəzet qeyd edir ki, 2022-ci ildən NATO Rusiyanı üzv dövlətlərin təhlükəsizliyinə ən əsas və birbaşa təhlükə kimi qiymətləndirir.
Amerikalı general Kristofer Kavoli və fransız admiral Pyer Vandye tərəfindən müəyyən edilmiş bu “minimum qabiliyyət tələbləri” üzv dövlətlər üçün bir sıra əlavə tələblər ehiva edir. Belə ki, qoşunlara rəhbərlik etmək və onlara dəstək olmaq üçün döyüş korpusunun sayı 6-dan 15-ə, diviziya qərargahının sayı isə 24-dən 38-ə çatdırılmalıdır. Həmçinin texnika, xüsusilə hava hücumundan müdafiə, döyüş sursatı, uzaqmənzilli dəqiq silahlar, logistika və nəqliyyatla bağlı da əlavələrə ehtiyac var.
Hava hücumundan müdafiə vasitələrinin sayının 293-dən 1467-yə - təxminən beş dəfə artacağı gözlənilir. Bura "Patriot", IRIS T-SLM, "Skyranger" kimi silah sistemləri, həmçinin yaxın və uzaq məsafəli müdafiə imkanları daxildir. Vertolyot bölmələrinin sayının da 90-dan 104-ə qədər artacağı gözlənilir.
NATO müdafiə nazirlərinin 2025-ci ilin oktyabrındakı görüşünə qədər briqadalar artıq məcburi potensialın gücləndirilməsi vəzifəsi kimi üzv ölkələr arasında paylanmalıdır.