Amerikanın genişzolaqlı internet provayderləri haker hücumuna məruz qaldılar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, bunun nəticəsində hakerlər ABŞ-dəki telefon dinləmə sistemlərinə çıxış əldə ediblər.
“Kiberhücum... ABŞ-nin bir sıra genişzolaqlı internet provayderlərinin şəbəkələrinə nüfuz edib. Hakerlər potensial olaraq federal hökumətin məhkəmə tərəfindən icazə verilmiş telefon dinləmələrini tələb etmək üçün istifadə etdiyi sistemlərdən məlumat əldə ediblər”, - nəşr bildirib.
Mənbələrin məlumatına görə, sözügedən haker hücumunun Çinin “Salt Typhoon” haker təşkilatı ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
Qəzetin mənbələri bildiriblər ki, “Verizon Communications”, “AT&T” və “Lumen Technologies” son hücumda sistemləri sındırılanlar arasındadır.
Qeyd edək ki, bundan əvvəl iranlı hakerlərin ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahından oğurlanmış sənədləri Amerikanın hazırkı prezidenti Co Baydenlə əlaqəli şəxslərə göndərdiyi bildirilmişdi.