İsrail Müdafiə Qüvvələri (IDF) dünən Livanda Həsən Nəsrullahı əvəz edərək “Hizbullah” hərəkatına rəhbərlik etdiyi bildirilən Haşim Safi əd-Dini öldürmək məqsədilə onun yeraltı bunkerinə zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Beyrut ətrafında yerləşən bu bunkerdə hərəkatın yüksək rütbəli nümayəndələrinin görüşü keçirilib.
Qəzet qeyd edib ki, bu, vəziyyətin gərginləşməsi başlayandan bəri ən güclü hava hücumlarından biri olub və “Hizbullah” rəhbərinin taleyi hələlik məlum deyil.
Qeyd edək ki, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Beyrut beynəlxalq hava limanının ərazisinə 20-yə yaxın zərbə endirib. “Al Hadath” telekanalının məlumatına görə, cənub əraziləri də İsrail Hərbi Dəniz Qüvvələrinin gəmilərindən raketlərlə atəşə tutulub.
Zərbələr, əsasən, “Hizbullah” obyektlərinin yerləşdiyi və təşkilatın tərəfdarlarının yaşadığı ərazilərə endirilib.
Xatırladaq ki, sentyabrın 23-də İsrail Müdafiə Qüvvələri “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan hərəkatının hərbi obyektlərinə kütləvi hava zərbələri endirib.
Sentyabrın 27-də həyata keçirilən hücumlardan biri nəticəsində Beyrutda “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah öldürülüb.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunda sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatına başladığını elan edib.