Amerikalı milyarder İlon Mask 2024-cü ilin yayında gizli şəkildə Respublikaçılar Partiyasına on milyonlarla dollar ianə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Maskın ictimaiyyətə açıqlanmayan ianələri göstərir ki, 2024-cü ildə sürətli siyasi transformasiyaya məruz qalan sahibkar Respublikaçıların işlərinin və namizədlərinin maliyyələşdirilməsində mühüm qüvvə olub.
Nəşr yazır ki, 2022-ci ilin payızında, aralıq seçkilər ərəfəsində Mask müəyyən ştatlarda Demokrat Partiyasının namizədlərini hədəf alan kampaniyaya 50 milyon dollardan çox ianə verib.
2023-cü ildə sahibkar Florida qubernatoru Ron DeSantisin kampaniyasına 10 milyon dollar bağışlayıb.
Mənbələr iddia edirlər ki, Respublikaçılar Partiyasının məsləhətçiləri və hüquqşünasları bunun üçün “Signal” messencerindən istifadə edərək Maskın bu maliyyə əməliyyatlarında iştirakını gizlətməyə kömək ediblər.
Qeyd edək ki, Mask iyul ayında Trampa qarşı sui-qəsd cəhdindən sonra seçki mübarizəsində onu açıq şəkildə dəstəkləməyə başlayıb. Daha sonra Tramp “X” saytında Maska müsahibə verib, hansı ki, sahibkarın sözlərinə görə, müsahibəyə 1 milyarddan çox baxış olub.